MƏHƏMMƏD RZA KƏRİMİNİN “AZƏRBAYCAN MƏDƏNİYYƏTİ VƏ ƏDƏBİYYATINDA MƏŞHUR QADINLAR” ƏSƏRİNİN

TƏRCÜMƏSİNƏ ÖN SÖZ

“AZƏRBAYCAN MƏDƏNİYYƏTİ VƏ ƏDƏBİYYATINDA MƏŞHUR QADINLAR” 

Məhəmməd Rza Bağban Kərimi dövrümüzün bö­yük dilçi və ədəbiyyatşünas alimlərindən biridir. O, 1955-ci ildə qədim Təbriz şəhərində anadan olmuşdur. Ki­çik yaşlarından elmə və araşdırmaya olan həvəsi za­man keçdikcə onu zəhmətkeş bir tədqiqatçı və böyük ustad kimi yetişdirmişdir.

M.R.Kərimi Təbriz Universitetinin Texnika fakül­təsinin Mexanika şöbəsini bitirmiş və 25 il müddətində böyük müəssisələrdə baş direktor işləmişdir. Lakin o, daha çox yaradıcılıqla məşğul olmuş, “Omide-Zəncan” (“Zəncanın ümidi”) həftəlik (1993-2002-ci illərdə), “Peyke-Azər” (“Azəri xəbərləri”) aylıq (2000-2004-cü illərdə) və “Bəhare-Zəncan” (“Zəncanın baharı”) həftəlik (2000-2006-cı illərdə) jurnallarında baş redaktor kimi çalışmış, Azərbaycan dili və ədəbiyyatına dair çoxsaylı tədqiqat əsərləri yazmışdır.

Bu böyük şəxsiyyət pedoqoji fəaliyyətdən də kə­narda qalmamış, Zəncan və Kürdüstan universitetlərində türk dili və ədəbiyyatı fənnindən dərs demişdir.

M.R.Kərimi 2008-ci ildə Türkiyənin Atatürk Univer­sitetində “Azərbaycan dili və ədəbiyyatı tarixi” üzrə mühazirələr oxumuş, beynəlxalq konfranslarda məruzlərlə çıxış etmişdir.

Böyük azərbaycanşünas alim M.R.Kərimi aşağıdakı kitabların müəllifidir: 

  1. İmadəddin Nəsimi. Həyatı və əsərləri. Təbriz, 1978.
  2. Qaçaq Nəbi. Zəncan, 1989.
  3. Şəhriyarın “Səhəndiyyə”si. Zəncan, 1994.
  4. Turk dili - İran kimliyi. Zəncan, 1994.
  5. Türk dili qrammatikası. Zəncan, 1994.
  6. Qazi Əhməd Burhanəddinin “Divan”ı. Zəncan, 1996.
  7. Hakaninin “Divan”ı. Zəncan, 1996.
  8. Nəsiminin “Divan”ı. Zəncan, 1996.
  9. Nizaminin “Divan”ı. Zəncan, 1996.
  10. Atabətül-həqayiq. Zəncan, 1996.
  11. Koroğlu. Təbriz, 2002.
  12. “Koroğlu” qəhrəmanlıq dastanı. Tehran, 2002.
  13. Azərbaycan ədəbiyyatı ve mədəniyyətində qadın surəti. Tehran, 2002.
  14. Nizami Gəncəvi. Tehran, 2003.
  15. Qarabağ-şairlər məskəni. Zəncan, 2003.
  16. Müasir Azərbaycan ədəbiyyatı. Təbriz, 2006.
  17. Elimizin aciyan yarasi. Tehran, 2010.
  18. Kutatqu bilik. Tehran, 2010.
  19. Elimizin mübariz alimi. Tehran, 2010.
  20. Elimizin ürək sızıltısı. Tehran, 2010.
  21. Elimizin mehriban müəllimi. Tehran, 2010.
  22. Elimizin odlu dili. Tehran, 2010.
  23. Elimizin qocaman şairı. Tehran, 2011.
  24. Elimizin şirin sözlü şairi. Tehran, 2011.
  25. Elimizin Şeydası. Tehran, 2011.
  26. Elimizin elm ve əxlaq müəllimi. Tehran, 2011.
  27. Elimizin sönməz şairi. Tehran, 2011.
  28. Elimizin şeir Şəhriyari. Tehran, 2011.
  29. Elimizin nəğməkarı. Tehran, 2011.
  30. Azərbaycan ədəbiyyatı tarixi (12 cilddə). Tehran, 2012.
  31. “Azərbaycan mədəniyyəti və ədəbiyyatında məşhur qadınlar”. Tehran, 2012.
  32. Elimizin tənnaz şairi. Tehran, 2013.
  33. Elimizin parlaq ulduzu. Tehran, 2013.
  34. Elimizin barışmaz şairi. Tehran, 2013.

İran tədqiqatçısı Vijeni Meh M.R.Kərimiyə həsr etdiyi “Elimizin çağdaş dil uzmanı” əsərində (2010) onun dilçiliyə aid məqalələri yer almışdır.

Kəriminin hörmətli oxuculara tərcüməsi təqdim olu­nan “Azərbaycan mədəniyyəti və ədəbiyyatında məşhur qadınlar” əsərinin “Müqəddimə”sində müəllif bəşəriy­yətin formalaşması və cəmiyyətdə kişi və qadınların rolundan söhbət açır, tarixən bir çox hallarda qadına olan yanlış münasibətdən bəhs edir və mühitindəki mövcud vəziyyəti ürək yanğısı ilə dilə gətirərək yazır: “Bu gün də qadınlarımızın bir çoxu geridə qalmış əqidə və düşüncələrin, adət və ənənələrin qurbanı olmaqdadır”.

 “Azərbaycan mədəniyyəti və ədəbiyyatında məşhur qadınlar” əsəri Azərbaycan dastanları, xüsusən də “Kitabi-Dədə Qorqud” və “Koroğlu”,  aşıqlarımızın, eləcə də Nizami, Xaqani və Məhsəti kimi klassik­lə­rimizin  yaradıcılığındakı qadın surətlərinin təhlilinə, eləcə də bir çox qadın aşıq və şairlərimizin yaradıcılığına həsr olunmuş elmi-tədqiqat əsəridir. Hürufilik ədəbiyyatında yer almış bəzi qadın surətlərindən də danışan müəllif Məşrutə inqilabında qadınlarımızın oynadığı əhəmiyyətli rolu da qeyd edir və Məşrutə inqilabının qadın qəhrəmanlarının nümunəsi kimi Zeynəb Paşadan söz açır. Əsərdə  Aşıq Pəri, Aşıq Sənəm, Aşıq Bəsti, Banu Ağabəyim, Fatimə Xanımana, Xədicə Sultan xanım, Fatimə xanım, Kəminə, Heyran xanım və Xurşidbanu Natəvan kimi qadın aşıq və şairələrin yaradıcılığı haqqında məlumatlar da yer alır.

Ədalət naminə qeyd olunmalıdır ki, M.R.Kəriminin “Azərbaycan mədəniyyəti və ədəbiyyatında məşhur qa­dınlar” əsərinin mövzusu və möhtəviyyatı yeni deyil­dir, yəni  Şimali Azərbaycanda elmin müxtəlif sahə­lərində, eləcə də Azərbaycan mədəniyyəti və ədəbiy­yatında qadınların fəaliyyəti və rolu barədə çoxsaylı və həm də sanballı tədqiqat əsərləri yazılmışdır. Lakin bununla belə böyük ustad Məhəmməd Rza Kəriminin “Azərbaycan mədəniyyəti və ədəbiyyatında məşhur qadınlar” əsərinin fars dilindən ana dilimizə tərcüməsi şimaldakı geniş oxucu kütləsini, xüsusən də sahə tədqiqatçılarını bu mövzuda İranda aparılan elmi-tədqiqat işlərinin bir nümunəsi ilə tanış etmək baxımından əhəmiyyətlidir və xalqımızın elmi, mədəni və mənəvi birliyinin bərpasına xidmət edir.   

Son olaraq bu kitabın ərsəyə gəlməsində zəhməti olmuş hər kəsə, xüsusən filologiya elmləri doktoru Şəfəq xanım Əlibəyliyə və elmi işçi Şəmsi Əhmədova  öz dərin minnətdarlığımı ifadə etməyi özümə borc bilirəm.